guzgupress.com » Siyasət » Sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini tərəddüdsüz nəzərə almalıdırlar
Sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini tərəddüdsüz nəzərə almalıdırlar
Tarix : 30-10-2020, 09:06Bölmə :Siyasət Rəylər : 0
Məşhur Məmmədov, millət vəkili
Azərbaycanın erməni işğalçılarına qarşı apardığı əks-hücum əməliyyatlarinın-Vətən müharibəsinin bir ayı tamam oldu . Sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun başlatdığı 30 günlük əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızın bir qismi azad edildi. 30 ilə yaxındır ki, terrorist ölkənin işğal altında saxladığı torpaqlarımızın əhəmiyyətli bir hissəsinin cəmi 30 gün ərzində geri alınması Azərbaycan Ordusunun qüdrətini və rəşadətini bütün dünyaya nümayiş etdirdi. Bəli, Azərbaycan beynəlxalq hüquqa istinad edərək ötən bir ayda status-kvonu dəyişdi və sübut etdi ki, işğalçını ən qısa müddətdə torpaqlarından qovmağa qadirdir. Təəssüflər olsun ki, bu dövrdə də Azərbaycan beynəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşdi. Ermənistanı xilas etmək üçün ayrı-ayrı dövlətlər dəridən-qabıqdan çıxdılar. Bədnam ölkənin işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan bəri atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həlli üçün canfəşanlıq etsələr də, Prezident İlham Əliyev təzyiqlərə cəsarətlə, qətiyyətlə sinə gərdi və nəticədə Azərbaycanın haqq işinin qarşısını heç bir qüvvə ala bilmədi. Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurası (TŞ) səviyyəsində Azərbaycana növbəti təzyiqə cəhd edilib. Belə ki, TŞ-nin Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən bəyanat layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Lakin layihədə TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilməyib. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan dövlətlər bu qətnamələrə istinadın yer almasını təkid ediblər. Bundan sonra layihənin müəllifi olan həmsədr ölkələr onu geri götürməyə məcbur olublar. Beləliklə, İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uzaqgörən siyasi fəaliyyətinin nəticəsi olaraq ermənipərəst dairələrin Azərbaycana təzyiqlərinin beynəlxalq hüquqi qüvvəyə minməsinin qarşısı alınıb. Oktyabrın 25-də Prezident İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində şanlı ordumuzun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdiyini xalqa çatdırdı. Oktyabrın 26-da xalqa müraciətində isə dövlət başçısı Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayılın Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Hovuslu, Çələbilər və Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq və Mollabürhan kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi. Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "Instagram” səhifəsində paylaşım edib. "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”, - deyə Mehriban Əliyeva yazıb. Beləliklə, azad olunmuş şəhər və kəndlərimizin sırasına daha 18-i əlavə olundu. Sentyabrın 27-dən indiyədək 173 yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri işğaldan azad edilib. 166 kənd isə Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qubadlı rayonlarını əhatə edir. Prezident İlham Əliyev xalqa müraciətində bir daha bəyan etdi ki, Azərbaycan beynəlxalq hüquqdan kənar heç bir addım atmır, Ermənistanın torpaqlarına girmir, Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını işğaldan təmizləyərək bərpa edir. Təbii ki, Azərbaycan bu gün öz haqqını ləyaqətlə təmin edir, özünün şərəfli tarixini yazır. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb. Azərbaycanın uğurları fonunda isə ayrı-ayrı dövlətlərin ermənipərəstliyi daha aydın görünür. Ancaq sülhə nail olmaq istəyənlər Azərbaycanın şərtlərini tərəddüdsüz nəzərə almalıdırlar. Artıq vəziyyət dəyişib, status-kvo dəyişib, təmas xətti yoxdur. Azərbaycan Ordusunun qarşısında Ermənistanın duruş gətirməsi mümkün deyil.
Sorğu
Saytımızın yeni dizaynını necə dəyərləndirirsiz?